Ötən il Azərbaycanda 54 insan alverinin qurbanı aşkarlanıb

"2014-cü ildə insan alverinin qurbanları kimi 54 fakt müəyyən edilib. Bunlardan 51-i qadın, 3-ü kişi olmaqla 37-si Türkiyə Respublikasına, 8-i Rusiya Federasiyasına, 6-sı Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 3 əcnəbi - Rusiya Federasiyasının iki, Çin Xalq Respublikasının bir vətəndaşı ölkə daxilində istismara məruz qalıb".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib.

 

Onun sözlərinə görə, hesabat ilində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2013-cü illə müqayisədə 21 faiz çox və ya 97 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması ilə bağlı 3 fakt aşkarlanıb: "Bu əməllərə görə 26 nəfər (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib, insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib. Qurbanlardan 38-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib, eləcə də təhlükəsizliyi təmin olunub. Bütövlükdə 54 qurbana birdəfəlik müavinət verilib, 40-na Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 24-ü işlə təmin edilib, 30-u peşə kurslarına göndərilib".

 

Nazir müavini həyata keçirilmiş profilaktik tədbirlərlə 34 qurbanın ailəsinə qayıtdığını da bildirib: "Sosial xidmətlə əhatə olunması üçün 36 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 28 qurbana hüquqi və psixoloji yardım, həmçinin Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 43 qurbana tibbi xidmət göstərilib”.

 

Bundan başqa, müvafiq cinayətlərdə təqsirləndirilərək barələrində axtarış elan olunmuş 25 şəxsdən 12-si tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Müvafiq tədbirlərlə həmçinin ictimai mənəviyyat əleyhinə olan 183 cinayət aşkarlanaraq 115 nəfər məsuliyyətə cəlb olunub, 571 qadın barəsində inzibati tədbirlər görülüb.

 

Müzakirələrdən sonra Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatını qəbul edib.

 

İclasda bir sıra qanunlara da dəyişiklik edilib. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı