Bakı-2015 I Avropa Oyunlarına biletlərin satışına başlandı

Bakı-2015 I Avropa Oyunlarına biletlərin satışına başlanıb. APA TV-nin xəbərinə görə, bununla bağlı “Park Bulvar” Ticarət Mərkəzində bilet satışı kampaniyasının açılış mərasimi keçirilib.

 

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin bilet satışı şöbələrinin rəhbəri Miryam Boqotay deyib ki, bu gün biletlərin satışı üçün 8 məntəqə açılır. Satışlar yerli şirkətlər vasitəsilə şəhər kənarlarında da olacaq: “Mən hamını online bilet almağa çağırıram. Çünki həmin vaxt əlavə hədiyyələr də olacaq. Gələn həftədən 4 satış məntəqəsi də açacağıq. Amma Avropa Oyunları zamanı bütün idman obyektlərində bilet satışı olacaq”.

 

Miryam Boqotay qeyd edib ki, açılış mərasimi üçün milli stadiondan bilet satılmayacaq: “600 min bilet satışa çıxarılacaq. Məsləhət görərdim ki, sonuncu günü gözləməyin, indidən bilet alın. Çünki açılış mərasiminə milli stadiondan bilet satılmayacaq. Açılış mərasiminə 40 min bilet olacaq. Bileti qara bazardan qorumaq üçün əlavə elementlər var. Bunu açıqlaya bilmərəm. Amma onu söyləyim ki, belə hal olarsa, yüksək məbləğdə cərimə tətbiq olunacaq".

 

Xatırladaq ki, Avropa Oyunlarının açılış mərasiminə biletlərin qiyməti 20 manatdan 200 manatadək, bağlanış mərasiminə isə 10 manatdan 100 manatadək təşkil edəcək. Seçmə mərhələdə oyunlara biletlərin qiymətləri 2-3 manat, medalların təltifetmə mərasimlərinin keçiriləcəyi final sessiyalara isə 3-5 manat təşkil edəcək. Sessiya dövründə 2 yaşından 16 yaşınadək uşaqlar üçün biletlər pulsuz olacaq. Fiziki qüsurlu şəxslər üçün biletlər sessiya dövründə, eləcə də Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasına pulsuz, açılış və bağlanış mərasimlərinə isə tam qiymətə olacaq. Biletlərlə bağlı əlavə məlumatları 2015 telefon nömrəsi ilə və ya wwwbaku2015.com internet saytından əldə etmək olar.

 

Tədbirdə Avropa Oyunlarının  səfirləri seçilmiş Eldar Qasımov, Bəhram Bağırzadə, eləcə də digər tanınmış incəsənət xadimləri iştirak edib.

 

Bəhram Bağırzadə deyib ki, bugünkü tədbir çox sevindirici haldır: "İnanın mənə, bir azərbaycanlı kimi, vətəndaş kimi Bakı sakini kimi, idman sevən kimi ulduzlu səfir kimi sevinirəm ki, Azərbaycanda belə bir oyun keçirilir, Avropa Oyunları məhz bizim şəhərdə, məhz bizim ölkədə keçirilir. Mən bir səfir kimi bütün azarkeşləri bu oyunlara qatılmağa dəvət edirəm. Bir səfir kimi, çimərlik futbolunun səfiri kimi  azarkeşlərimiz həmin yarışlarda iştiraka dəvət edirəm. Təqribən 20-yə yaxın oyun olacaq. Azərbaycan yığması orada iştirak edəcək. Gəlin hamımız yığmamızı dəstəkləyək ki, Azərbaycan yığması orada yaxşı çıxış etsin və qalib gəlsin. Bəhram Bağırzadə, APA TV üçün”.

 

Qeyd edək ki, Birinci Avropa Oyunları üçün ilk bileti Azərbaycan prezidenti İlham Əliyev, online qaydada isə Rusiyadan Kseniya Muradova alıb.

Müəllif | Apa.Tv
Apa.tv