Ənvər Paşanın nəvəsi: "Azərbaycanda babamı çox yaxşı tanıyırlar"

"Mən bu gün öz məmləkətimdəyəm. Babam, əmim və onların əmisi bu ölkədə uğurla vuruşub və unudulmur". 

 

Bu fikirləri türk hərb tarixinin ən önəmli şəxsiyyətlərindən biri, Azərbaycan tarixində mühüm rolu olan Osmanlı imperiyasının müdafiə naziri Ənvər Paşanın nəvəsi Osman Mayatepek deyib.

 

“Dədəm Ənvər Paşa” kitabının təqdimatı ilə əlaqədar Bakıda qonaq olan Osman Mayatepek xatirələrini bölüşüb: "15 il bundan öncə Heydər Əliyevlə Vaşinqtonda görüşmək şərəfinə nail oldum. Məni qucaqlayıb dedi ki, "Osman, biz iki dövlət - bir millətik. Gəl, səni öpüm". Azərbaycanda Ənvər Paşanı çox yaxşı tanıyırlar. Amma mənim öz ölkəmdə onu ya az tanıyırlar, ya da yanlış".

 

Osman Mayatepek 1918-ci ildə Bakını bolşevik və daşnaklardan azad edən Qafqaz İslam Ordusunun komandanı əmisi Nuru Paşa və babası Ənvər Paşanın qəhrəmanlıqlarından danışıb: "Bu kitabı yazmaq iki ilə yaxın vaxt apardı. Kitabda daha çox Ənvər Paşanın bilinməyən tərəflərini önə çıxarmışam".

 

Qeyd edək ki, bu gün Parlament Jurnalistlər Birliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində Osman Mayatepekin “Dədəm Ənvər Paşa” adlı kitabının təqdimat mərasimi keçirilib. 

 

Müəllif | Apa.Tv