Bakıda mədəniyyət klubunda yanğın oldu

Bu gün səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində yanğın hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, yanğın Sabunçu qəsəbəsində qeydə alınıb.

 

Yanğın əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərən, indi isə sahibsiz qalan ikimərtəbəli binada başlayıb. Yanğının söndürülməsi üçün Sabunçu və Nizami rayonlarından yanğınsöndürmə briqadaları hadisə yerinə cəlb olunub.

 

Yanğının baş verdiyi binada bir neçə il əvvələ qədər mədəniyyət təşkilatları yerləşib, müxtəlif rayon tədbirləri keçirilib. Mədəniyyət klubunu əvəz edən yeni bina inşa edildikdən sonra ikimərtəbəli köhnə bina sahibsiz qalıb. Yaşayış yeri olmayan şəxslər kimsəsiz binadan gecələr sığınacaq kimi istifadə etməyə başlayıblar. Yanğına da onların soyuqdan qorunmaq üçün binanın içərisində qaladığı ocağın səbəb olduğu ehtimal edilir.

 

Hadisə yerinə yanğınsöndürmə dəstələri ilə yanaşı, təcili tibbi yardım briqadası və polis əməkdaşları da cəlb edilib. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

 

Taxta arakəsmələrdən ibarət binadakı yanğının qarşısını almaq üçün bir saatdan çox vaxt sərf edilib. Yanğınsöndürənlər alovun qarşısını alıblar və ətraf binalar yanğından mühafizə olunub.

 

Müəllif | Apa.Tv