Serial aktyoru atasının başını kəsdi

Türkiyəli serial aktyoru, 30 yaşlı Orxan Şimşək mübahisə etdiyi atası Əli Şimşəyi bıçaqlayıb və boğazını kəsərək qətlə yetirib.

 

APA TV-nin xəbərinə görə, psixoloji müalicə alan aktyor polisə təslim olub, atasının cəsədi isə bir müddət sonra tapılıb.

 

Müxtəlif telekanallarda yayımlanan və Azərbaycanda da izlənən "Genco", "Karamel", "Nefes", "Sultan" və "Küçük gelin" seriallarında rol alan Orxan Şimşək bu ilin yanvarında baş rolunu canlandırdığı serialın çəkiliş meydançasına getməyib və dostları onu axtarmağa başlayıblar.  Sonradan tapılan aktyorun bipolyar pozuntudan (emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdən) əziyyət çəkdiyi məlum olub. Bundan sonra Orxan Şimşək çəkildiyi serialdan da ayrılıb.

 

Məlumata görə, Orxan Şimşək atası Əli Şimşəklə Adıyaman vilayətinə gedib. Orada ata-oğul arasında mübahisə yaranıb. Aktyor atasını bir neçə dəfə bıçaqlayıb, sonra isə boğazını kəsib. Əli Şimşək aldığı xəsarətlərdən ölüb.

 

Orxan Şimşək cinayətdən sonra yerli jandarma komandanlığına gedib və atasını öldürdüyü bildirib. Paltarları qanlı olan aktyor həbs edilib. O, atası ilə nə üstündə mübahisə etdiyini və onu niyə amansızlıqla qətlə yetirdiyini bilmədiyini deyib. Qətlə yetirilən atanın cəsədi hadisə yerindən 35 kilometr aralıda yerləşən kənddə tapılıb. 

 

Əli Şimşəyin cəsədi müayinə edilib, onun kürəyində 28, sinəsində 4 bıçaq xəsarəti aşkarlanıb, boğazının isə kəsildiyi təsdiqlənib.

 

Aktyor Orxan Şimşək məhkəməyə aparılıb və barəsində həbs qərarı çıxarılıb.

Müəllif | Apa.Tv
Apa.tv