Yəməndə Səudiyyə Ərəbistanı əleyhinə etiraz aksiyaları keçirilir

Yəməndə ölkənin Səudiyyə Ərəbistanı tərəfindən bombalanması əleyhinə yeni etiraz aksiyaları başlayıb.

 

APA TV-nin xəbərinə görə, paytaxt Sənanın küçələrinə əsasən keçmiş prezident Əli Abdulla Salehin tərəfdarlarından ibarət minlərlə adam çıxıb.

 

Aksiya iştirakçıları bəyan ediblər ki, husiləri müdafiə etmirlər, lakin Yəmənə xarici müdaxiləni, ümumiyyətlə, yolverilməz sayırlar.

 

Yəməndə yaranmış vəziyyətdən "əl-Qaidə" silahlıları istifadə ediblər. Onlar ölkənin cənubundakı Mukalla şəhərində iri hərbi bazanı ələ keçiriblər. "Əl-Qaidə" üzvləri şəhərdəki dövlət müəssisələrinə, banklara hücum edərək, aralarında terrorçular da olan 150 məhkumu həbsxanadan buraxıblar.

 

Yəməndə Səudiyyə Ərəbistanını "əl-Qaidə"ni dəstəkləməkdə günahlandırırlar.

 

Bu arada isə Səudiyyə Ərəbistanının hərbi hava qüvvələri husilərin mövqelərinin bombalanmasını davam etdirir. Ölkədən qaçan Əbdu Rəbbu Mənsur Hadinin silahlı tərəfdarlarına isə Səudiyyə Ərəbistanının təyyarələrindən atıcı silahlar, döyüş sursatları, rabitə vasitələri atılır.

 

Ölkədəki gərginlik fonunda Çin, Pakistan, Türkiyə və Rusiya öz vətəndaşlarını Yəməndən təxliyə edir. Rusiya təyyarələri ilə Yəməndən çıxarılanlar arasında Azərbaycan vətəndaşları da var. Bu gün daha iki Rusiya təyyarəsi 160-dan çox adamı Yəməndən təxliyə edəcək. 

Müəllif | Apa.Tv
Apa.tv