Vurğun Əyyub Müsavat Məclisindən çıxarılıb
Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib.
APA-nın xəbərinə görə, toplantıda Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi qaldırılıb.
Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı bildirib ki, Vurğun Əyyub mətbuata açıqlamasında özünü Məclis üzvü hesab etmədiyini və toplantılarına qatılmayacağını bəyan edib. O, Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılmasını səsverməyə qoymağı təklif edib.
Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması ilə razılaşmayaraq, qeyd edib ki, mətbuatdakı açıqlamalar əsas götürülməməlidir.
Məsələ ilə bağlı mövqeyini bildirən Müsavatın sabiq başqanı İsa Qəmbər isə qeyd edib ki, Vurğun Əyyubun məsələsi çox uzanır: “Heç bir səsverməyə ehtiyac görmürəm. Vurğun Əyyub bizim köhnə dostumuzdur və ona qarşı belə hörmətsizliyi qəbul etmirəm. Ancaq Vurğun Əyyub öz qərarını verib ki, özünü Məclis üzvü hesab etmir. Mən təklif edirəm ki, bu məsələ səsverməyə qoyulmasın. Çünki özünü Məclis üzvü hesab etməyən şəxsin adı üzvlük siyahısından çıxarılmalıdır, heç bir səsverməyə ehtiyac da görmürəm”.
Təklif nəzərə alınaraq, Vurğun Əyyubun adı Məclis üzvlüyündən çıxarılıb.
Vurğun Əyyub APA-ya açıqlamasında Məclis üzvlüyündən çıxarılmasından xəbərsiz olduğunu bildirib: ”Bu məni qətiyyən maraqlandırmır. Mən Müsavat Partiyasının Məclisi ilə bağlı öz sözümü demişəm”.