Milli Teleradio Şurasının səlahiyyətləri artırıldı

Azərbaycan prezidenti İlham Əliyev “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 24 fevral tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. APA TV-nin məlumatına görə, “Televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər teleradio yayımçılarına xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi ilə bağlıdır.

 

İndiyə qədər qüvvədə olan qanuna əsasən, teleradio yayımçıları lisenziyanın qayda və şərtlərini tələblərini pozduqda lisenziyanın qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla, xüsusi hallarda lisenziyanın qüvvəsinə məhkəmə tərəfindən xitam verilə bilərdi. “Televiziya və radio yayımı haqqında” qanuna edilən dəyişikliklərə əsasən, teleradio yayımçılarına xüsusi lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması və lisenziyanın qüvvəsinə xitam verilməsi sahəsində səlahiyyətlər məhkəmələrdən alınaraq Milli Televiziya və Radio Şurasına (MTRŞ) verilib və bu səlahiyyətlərin tətbiq ediləcəyi halların əhatə dairəsi genişləndirilib.

 

Bundan sonra teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya bu Qanunun tələblərini pozduqda, xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı MTRŞ-in qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv