Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

"Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 8-10 min nəfərdir. Hazırda bu say artan xətt üzrə inkişaf edir".

 

APA TV-nin xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin yeni təyin olunmuş təhsil müşaviri Abdulqafur Büyükfırat bildirib.

 

Onun sözlərinə görə, qarşılıqlı olaraq 3000-3500 türkiyəli tələbə Azərbaycanda oxuyur. Bir neçə il əvvəl isə bu rəqəmlər nəzərə çarpacaq dərəcədə fərqli idi: "Əvvəllər təxminən 3000-3500 azərbaycanlı tələbə Türkiyədə, 10 minə yaxın tələbə isə Azərbaycanda təhsil alırdı. Türkiyədə təhsil alan tələbələrin sayının gələcək illərdə daha da artacağı gözlənilir. Türkiyədə 174 universitet fəaliyyət göstərir ki, bura gələn  tələbələr hansında istəsələr, təhsil ala bilirlər. Gələcək illərdə Türkiyədə təhsil alan tələbələrin sayının 15 minə çatacağı gözlənilir".

 

Təhsil müşaviri Azərbaycan və Türkiyə universitetləri arasında diplomların ikili tanınması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər görülür. "Bir sıra proqramlar həyata keçirilir ki, bunları bitirən tələbələr qarşılıqlı diplom ala bilirlər. Hazırda proqramlar və layihələr davam etməkdədir. Gələcək illərdə diplomların qarşılıqlı olaraq tam tanınması məsələsi də öz həllini tapacaq" - deyə Abdulqafur Büyükfırat bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv