Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçirilir
Bu gün Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi işə başlayıb.
APA TV-nin xəbərinə görə, 4-5 aprel tarixlərində davam edəcək təhsil sərgisində Türkiyənin 30-a yaxın universiteti iştirak edir.
Sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanı, yataqxana təminatı və digər məsələlər barədə ətraflı məlumat verilir. Sərgidə iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin yeni təyin olunmuş təhsil müşaviri Abdulgafur Büyükfırat sərginin keçirilməsinin əhəmiyyətdən danışıb: "Bu kimi təhsil sərgilərinin keçirilməsi iki ölkənin inkişaf edən təhsil əlaqələrinə təkan verməklə yanaşı, şagirdlərin, tələbələrin universitetlər haqqında daha ətraflı məlumat əldə etmələrinə şərait yaradır".
Sərgidə İstanbul Universiteti, Atatürk Universiteti, Bahçeşehir Universiteti, İstanbul Aydın Universiteti, Bilkənt Universiteti və başqa tanınmış ali məktəblər iştirak edir. Həmçinin bu universitetlərin pulsuz təhsil imkanları haqqında təqdimat və seminarların keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Türkiyə universitetlərinin təhsil sərgisi aprelin 7-də öz işini Gəncədə davam etdirəcək. Gəncədə keçiriləcək sərgidə digər xarici ölkə universitetləri də iştirak edəcək.