Bakının zibil qutuları problemi - REPORTAJ

- Mürsəl dayı əlinizdəki bu siqareti çəkib qurtarandan sonra hara atacaqsınız?

- Zibil qabı tapmasam, təbii ki yerə atacağam. 

 

Bakıda Mürsəl dayı kimi hər gün bu sual qarşısında qalan yüzlərlə paytaxt sakini var. Suallar oxşar olduğu kimi, cavablar da eyni olur: "Zibil qutusu yoxdur". Bu gün paytaxtın müxtəlif küçə və prospektlərində, yol kənarlarında hər addımbaşı yerə atılmış zibil tullantılarına rast gəlmək olur. Müxtəlif küçələrdə apardığımız müşahidələr onu göstərir ki, bəzi yol kənarlarında tullantıların atılması üçün zibil qutuları yerləşdirilsə də, bir çoxunda yoxdur. Ya da bir-birindən çox uzaq məsafədə yerləşdirilib ki, bu da tullantıların yerə atılmasına səbəb olur.

 

Yasamal rayonunun mərkəzi prospektlərindən biri ilə təxminən 10 dəqiqə piyada yol gəlsək də, əlimizdə olan zibilləri atmağa bir dənə zibil qutusu tapa bilmədik. Diqqətimizi binanın nəfəslik yerinə yığılan zibil yığını çəkir və biz də əlimizdə gəzdirdiyimiz zibilləri ora atmalı oluruq. Təbii ki, bizdən sonra da buranı zibilli görüb ora zibil atanlar çox olacaq. Və beləcə, biz özümüz də istəmədən günü-gündən inkişaf edən şəhərimizi zibilləmiş oluruq.    

 

Elə paytaxt sakinləri də küçələrdə və parklarda yerləşdirilən zibil qutularının sayının olmasından narazıdır. Sakinlər bildirir ki, zibil qutularına tez-tez rast gələ bilmədiklərindən, bəzən xırda tullantıları özləri ilə daşımalı olurlar. Əksər hallarda isə məcburiyyətdən yerə atırlar.

 

Müşahidələrimiz zamanı bəzi dayanacaqlarda zibil qutuları gözümüzə dəydi. Amma digər dayanacaqların nəinki yanında, heç yaxınlığında belə zibil qutusu yox idi.

 

Piyada sıxlığının yüksək olduğu metronun "28 May" stansiyasının qarşısında da analoji vəziyyətlə qarşılaşdıq. Hər addımbaşı yerdə qalaqlanan zibil yığınları həm gəlib-gedənlərə maneçilik törədir, həm də bir balaca külək olanda şəhərin küçələrinə yayılıb zibilliyin genişlənməsinə səbəb olur.

 

Bəs qanunlar nə deyir? İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq. Həmçinin şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar arası məsafə 100 metrdən çox olmamalıdır.

 

Məsələyə birbaşa aidiyyəti olan Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova APA TV-yə bildirib ki, hazırda paytaxtın iri prospekt və küçələrinə yeni zibil qabları düzülür. İyun ayına kimi onların sayının artırılacağı da istisna edilmir. Yaxın günlərdə problem böyük miqyasda öz həllini tapacaq.

 

Müəllif | Apa.Tv