“Cəhənnəmdə böyük çığırtı” kitabının ilk imza günü keçirilib

"Lent.az" İnformasiya Agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr edilmiş “Cəhənnəmdə böyük çığırtı” kitabının ilk imza günü keçirilib.

 

APA TV-nin xəbərinə görə, mədəniyyət və incəsənət nümayəndələrinin, tanınmış yazarların, oxucuların iştirak etdiyi təqdimat mərasimində çıxış edən kitabın müəllifi Vüsalə Məmmədova bildirib ki, 2014-cü ilin aprel ayından Lent.az-da "Əsir düşərgəsi" adı altında yayımlanan layihə sonradan kitab şəkilinə salınıb: "Kitabın təqdimatı fevral ayında oldu. Bu gün kitabın imza günüdür. Bu kitabı 11 ay ərzində mənimlə bərabər yol gələn soydaşlarımla birlikdə yazmışıq. Çünki layihənin bu qədər böyüməsində onların xidməti əvəzsiz oldu. Bununla bizim "Əsir düşərgəsi" bitmir. Gələn həftədən Lent.az-da "Əsir düşərgəsi" davam edəcək".

 

Kitabın ideya müəllifi və redaktoru, Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu bildirib ki, bu kitab tarixin hansısa mərhələsində Azərbaycan tarixinin bir parçasına aid həqiqətlərin xatırlanmasına, qiymət verilməsinə imkan yaradacaq: "Bu kitab bədiiliyi, tarixiliyi , yaxud hansısa başqa janr mövzuda olmaqla yanaşı, həm də bir insan həyatını əks etdirən avtoportretlərdir. Müəllifə ona görə təşəkkür düşür ki, o, insanların başına gələn faciələri olduğu kimi qələmə alıb".

 

Tədbirdə "Əsir düşərgəsi"nə öz həyat hekayələrini danışan insanlar da təşrif buyurub. Layihənin ilk iştirakçılarından olan Valeh Hüseynov deyir ki, əvvəl müsahibə verməyə tərəddüd edib: "Beş saata yaxın söhbət etdik. Mən heç kimə danışmadıqlarımı Vüsalə xanıma danışdım. Axırda bu kitab ərsəyə gəldi. Fəxr edirəm ki, belə qızlarımız var. Əlindən gələni, öz bacardığını Azərbaycan üçün edir".

 

Kitabı böyük maraqla qarşıladıqları deyən oxucular yazılar əsasında bədii film çəkilməsini istədiklərini də bildiriblər.

 

Xalq artisti Faiq Ağayev layihəni mütəmadi izlədiyini bildirib: "Kitab haqqında məlumat çıxanda təbriklərimi söylədim. İmza gününə dəvət etdi. Məmnuniyyətlə gəldim". 

 

Tanınmış jurnalist Etibar Babayev deyib ki, bu kitabda Vüsalə xanım canlı görüşdüyü hər bir keçmiş əsirin öz hekayəsini yazıb: "Bunlar bir vaxtlar ola bilsin ki, televiziya verilişi olsun, bədii film olsun. Hər birinin ayrıca qüdrəti ola biləcək məlumat var burada".

 

Qeyd edək ki, “Cəhənnəmdə böyük çığırtı” kitabı “APA Holding”in dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evində çap olunub. Kitabda toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəhs edilir. Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılmasında, yeni nəsilə və dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir. Kitabdakı bir çox faktlar girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir çatdırılır.

 

Müəllif | Apa.Tv