Balakəndə orta məktəbdə dörd gün ərzində ikinci dəfə yanğın olub
Balakən rayonunun Şərif kənd tam orta məktəbində son dörd gün ərzində iki dəfə yanğın olub.
APA TV-nin məlumata görə, yanğın aprelin 4-də gecə saatlarında məktəbin ümumi sahəsi 495 kv. m olan birmərtəbəli 9 sinif otağından ibarət korpusunda baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində məktəbin yanar konstruksiyaları, sinif otaqları və inventarlar yanaraq yararsız hala düşüb. Yanğın baş verən korpusun yanında olan digər korpus və anbar binası yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, Balakən rayonunun Şərif kənd tam orta məktəbi ötən əsrin 60-cı illərində inşa edilib, hazırda məktəbdə 376 şagird təhsil alır. Məktəbin 840 kv. m-lik digər korpusunda dörd gün əvvəl, martın 31-dən aprelin 1-ə keçən gecə də yanğın baş vermişdi. Yanğın nəticəsində məktəbin 840 kv. m-lik korpusunun yanar konstruksiyaları 125 kv. m sahədə yanmışdı.
Faktla bağlı FHN-in Balakən rayon DYMH-də araşdırma aparılır.