Lənkəranda 52 yaşlı kişini maşın vurub
Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 199-cu kilometrliyində, yolun Lənkəran şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran şəhər sakini Ceyhun Etibar oğlu Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən qəfildən piyada, rayonun Şilavar kənd sakini, 52 yaşlı Lətif Qafur oğlu Abbasov onun yoluna çıxıb. Nəticədə avtomobilin qabaq hissəsinə çırpılan piyada, eləcə də sürücünün yanında əyləşmiş 3 yaşlı oğlu Əli Məmmədov qapalı kəllə-beyin travması və bədəninin müxtəlif nahiyələrinin əzilməsi, siyrilməsi diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralılara müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Qəzanın səbəbləri keçirilən avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.