Goranboyda təcili yardım maşınının heyəti bıçaqlandı
Goranboy rayonunda tibbi yardıma gedən həkim və onu aparan sürücü bıçaqlanıb.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.
Səfikürd kənd sakini Ramin Çıraqov ona yardıma gedən təcili tibbi yardım maşınının sürücüsü Novruz Məmmədovun üz və boyun nahiyəsinə bıçaqla xəsarət yetirib. Sonra avtomobilin içərisində əyləşən tibb bacısına hücum edib. Avtomobilin içərisində tibb bacısı Əminə Cabbarovaya 17 bıçaq zərbəsi vurub.
Goranboy Mərkəzi Rayon Xəstəxanasından 61 yaşlı Əminə Cabbarovanın vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən Ramin Çıraqov artıq polis tərəfindən saxlanılıb. Goranboy Rayon Polis Şöbəsindən 34 yaşlı Ramin Çıraqovun kənd məktəbində informatika müəllimi işlədiyini və 2 il öncə ruhi əsəb sarsıntısı keçirdiyini bildiriblər.
Ramin Çıraqov artıq Gəncə şəhər Ruhi Əsəb Dispanserinə göndərilib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.