Suriyada itkin düşən "Sumqayıt camaatının əmiri"nin qardaşı Rusiyada həbs edilib
Rusiya Federal Təhlükəsizlik xidməti Suriyada terrorçuları maliyyələşdirən azərbaycanlını həbs edib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Qəzetdə Suriyada Bəşər Əsəd əleyhinə vuruşan silahlıların maliyyələşdirilməsi ilə bağlı cinayət işinin təfərrüatları barədə dərc olunan yazıda Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsinin yerli sakin, milliyyətcə azərbaycanlı Qaçay Tağı oğlu Hacıyevə qarşı "terrorçuların maliyyələşdirilməsi" maddəsi ilə cinayət işi başladığı qeyd olunub.
İstintaqın versiyasına görə, Qaçay Hacıyev alma satışından əldə etdiyi gəliri Suriyada vuruşan "Cund-əş-Şam" (“Böyük Suriyanın döyüşçüləri”) terrorçu qruplaşmasına göndərib.
Qaçay Hacıyevin birinci həyat yoldaşı Viktoriya Babkina keçmiş ərinin terrorçuları maliyyələşdirdiyi barədə məlumatın doğru olmadığını bildirib: "Qaçay heç də böyük iş adamı deyil. O, Suriyada yaşayan qardaşına və onun ailəsinə kömək edirdi. Suriyada Qaçayın qardaşından başqa Suğra adlı bacısı da yaşayır. Suğranın azərbaycanlı əri həlak olub. Qaçay ona da kömək edirdi. O, təkcə Suriyaya deyil, Azərbaycanda və Rusiyada yaşayan qohumlarına da pul göndərirdi".
Viktoriya Babkinanın sözlərinə görə, Qaçayın qardaşı Aqil bir il əvvəl Suriyada itkin düşüb: "Aqil ailəsi ilə birlikdə Suriyada döyüşlərin getdiyi yerdə yaşayırdı. Qaçay qardaşı Aqil haqqında danışarkən onun inanclı bir insan olduğunu, dörd uşağından başqa, Suriyada olan ikinci evliliyindən olan iki uşağına baxdığını söyləyirdi".
Qeyd edək ki, APA keçən ilin aprelində “Cund-əş-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan “Sumqayıt camaatı”nın əmiri, “Talış Aqil” ləqəbli Aqil Hacıyevin əsir düşdüyü barədə məlumat yaymışdı. Məlumatda Aqil Hacıyevin “Ən-Nüsra Cəbhəsi” silahlı qruplaşma üzvləri tərəfindən tutulduğu və şəriət qanunları ilə barəsində edam hökmü çıxarıldığı qeyd olunmuşdu. Onun aqibəti məlum deyil.
Onu da qeyd edək ki, Hacıyev qardaşları Lənkəran rayonunun Boladi kəndində doğulublar. Sumqayıtda xəvarici dini təriqətinin üzvü olan bir xanımla ailə quran Aqil Hacıyev bir neçə il əvvəl ailəsini də götürərək Suriyaya gedib.