Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının kralı ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdədir.

 

APA TV-nin "AzərTAc"a istinadən xəbərinə görə, Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səudla görüşündə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirilib.

 

İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyi, bir-birinə qarşılıqlı dəstək verdiyi qeyd olunub. Görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edilib.

 

Görüşdə Səudiyyə Ərəbistanının Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanıb.

 

Prezident İlham Əliyev səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri İbrahim Əl Assaf ilə görüşüb.


Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin və beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın iqtisadiyyat, infrastruktur və digər sahələrdə müxtəlif layihələrin həyata keçirilməsinə yaxşı imkan yaratdığı bildirilib. Hazırda yol tikintisi, su təchizatı və digər sahələrdə müxtəlif əməkdaşlıq layihələrinin həyata keçirildiyi qeyd edilib. Bu istiqamətlərdə fəaliyyətin davamı olaraq sosial sahədə, irriqasiya, kənd təsərrüfatı, kanalizasiya və digər sahələrdə müxtəlif layihələrin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.

 

Azərbaycan prezidenti İlham Əliyev səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil ilə görüşüb. Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Müəllif | Apa.Tv
Apa.tv