Şəkidə 11 il əvvəl tələbə qızın qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

2004-cü ildə Şəki rayon sakini, 20 yaşlı tələbə Xəyalə Mövsümovanın itkin düşməsi faktı ilə əlaqədar bağlı qalan cinayət işinin üstü nəhayət açılıb. APA TV-nin bölgə müxbirinin məlumatına görə, qatilin həmin vaxt Xəyalə Mövsümovadan 2 yaş böyük Şəki rayon sakininin törətdiyi məlum olub.

 

20 yaşlı Şəki şəhər sakini Xəyalə Mövsümovanın 2004-cü il oktyabrın 10-da xəbərsiz itkin düşməsi faktı üzrə müxtəlif fərziyyələr ətrafında çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 2013-cü il sentyabrın 27-də Şəki şəhəri, Bəxtiyar Vahabzadə küçəsindəki yarımçıq tikilinin zirzəmisində insan skeleti aşkar edilib və həmin skeletin Xəyalə Mövsümovaya məxsus olması müəyyən edilib. Baş Prokurorluğun bilavasitə rəhbərliyi və nəzarəti altında Şəki şəhər-rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində Xəyalə Mövsümovanı qətlə yetirməkdə şübhəli bilinən, Bakı şəhərində yaşayan əvvəllər dəfələrlə məhkum olunmuş, 1982-ci il təvəllüdlü Ramil Salamov 2015-ci il aprelin 4-də şübhəli şəxs qismində tutulub. Bununla bağlı Şəki rayon Prokurorluğu açıqlama verib. Şəki rayon prokurorunun müavini Vüqar Hacıyev verdiyi açıqlamada qətlin şəxsi münasibətlər zəminində baş verdiyini bildirib.

 

“Aparılmış istintaqla müəyyən edilib ki, Ramil Salamov 2004-cü il oktyabrın 10-da tanışı Xəyalə Mövsümovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən öldürmək məqsədilə yarımçıq tikiliyə gətirib və boğaraq qəsdən öldürüb. Ramil Salamov cinayətin izlərini itirmək məqsədilə bir gün sonra yenidən həmin yerə gələrək meyiti basdırmaqla gizlədib və əynindəki paltarları da çıxararaq zibillikdə yandırıb”.

 

Öldürülən Xəyalə Mövsümovanın qonşuları cinayətin üstünün açılmasının onlar üçün də təskinlik olduğunu söyləyirlər və Mövsümovların sakit təbiətli ailə olduğunu qeyd edirlər.

 

Qeyd edək ki, saxlanılan Ramil Salamov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

Müəllif | Apa.Tv
Apa.tv