Pakistan və Suriyada döyüşlərdə iştirak etmiş Azərbaycan vətəndaşlarına hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunan Firdovsi Yusifov və Taleh Soltanovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə Firdovsi Yusifov 11 il 6 ay, Taleh Soltanov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, MTN-in İctimai Əlaqələr Mərkəzinin ötən il sentyabrın 23-də yaydığı məlumata görə, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər. Pakistanda Firdovsi Yusifov və Taleh Soltanov tanış olaraq birlikdə qanunsuz silahlı birləşmələrdə iştirak etdikdən sonra Suriya Ərəb Respublikasının ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrdə iştirak etmək qərarına gəliblər. Onlar bu məqsədlə 2013-cü ilin avqust ayında Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb və 2014-cü il aprelin 24-də Azərbaycan Respublikasına təhvil veriliblər. Taleh Soltanovun arvadı və qayınanası isə Suriya ərazisində qanunsuz silahlı birləşmələrdə iştirak edən şəxslərlə əvvəlcədən əldə olunmuş razılığa əsasən, onların köməkliyi ilə bu ölkəyə keçiriliblər. İranda həbsdə olduğu müddətdə Taleh Soltanovun Suriyada övladı olub və hazırda onun ailə üzvləri qızğın döyüşlərin getdiyi ərazilərdə qalıblar.  

Müəllif | Apa.Tv
Apa.tv