Poroşenko: “Ukraynanın dövlət quruluşunu dəyişmək üçün referendum keçirə bilərəm”


Ukrayna dövlət quruluşunun dəyişdirilməsi ilə bağlı referendum keçirməyə hazırdır. APA TV-nin məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Konstitusiya komissiyasının ilk iclasında çıxışında bəyan edib. 
 
O bildirib ki, federallaşma ideyası Ukraynaya kənardan ixrac edilən təhlükəli infeksiya, bioloji silahdır: “Bu silahla bizim birliyimizi pozmaq istəyirlər. Federallaşma tezisini ortaya atanlara tək cavabımız var – referendum. Əgər zərurət hesab edirsinizsə, mən Ukraynanın dövlət quruluşunu dəyişmək üçün referendum keçirməyə hazıram”. 
 
Poroşenko referendumun nəticələrinə indidən əmin olduğunu deyib. O bildirib ki, cəmiyyətin 90 faizi unitar dövlət quruluşunu dəstəkləyir. Dövlət başçısı Ukraynanın prezidentli-parlamentli respublika quruluşuna davam edəcəyinə əminliyini ifadə edib. 
 
Qeyd edək ki, yanvar ayında keçirilən sosioloji sorğuların nəticələrinə görə, ukraynalıların əksəriyyəti federallaşmanın əleyhinədir. 

Müəllif | Apa.Tv
Apa.tv