Lənkəranda artilleriya mərmisi tapıldı

Lənkəranda artilleriya mərmisi aşkar edilib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, aprelin 6-da rayonun İstisu qəsəbəsində “Yaşıl çay” fermer təsərrüfatı MMC-yə məxsus çay plantasiyasında becərmə işləri aparan fəhlələr sovet dövründən qalma artilleriya mərmisi aşkar ediblər.

 

Təsərrüfat rəhbərliyi dərhal təhlükəli tapıntı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” nömrəli qaynar xəttinə müraciət edib. Qısa müddətdə FHN-in Cənub Regional Mərkəzinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) və Daxili Qoşunların əməkdaşları hadisə yerinə gələrək, təhlükəsizlik tədbirləri görməklə kənar şəxsləri ərazidən uzaqlaşdırıblar. 

 

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının İstisu qəsəbəsi üzrə ərazi icra nümayəndəsinin müavini Xanbala Məmmədovun APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, vaxtilə sovet ordusunun təlim bazasına gedən yol mərmi tapılan ərazidən keçib. Ehtimal olunur ki, mərmi də məhz həmin dövrdə əsgərlər tərəfindən bu əraziyə atılıb.

 

Qeyd edək ki, işlək vəziyyətdə olan artilleriya mərmisi qumla dolu xüsusi konteynerə qoyularaq zərərsizləşdirmək üçün ərazidən çıxarılıb.

 

Müəllif | Apa.Tv