Azərbaycanda səfir dünyasını dəyişdi

Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda dünyasını dəyişib.

 

Bu barədə APA TV-yə teleaparıcı, Latviya səfirliyi ilə əməkdaşlıq edən Emin Musəvi məlumat verib.

 

Onun sözlərinə görə, latviyalı diplomat aprelin 6-da vəfat edib. Emin Musəvi deyib ki, Hardis Baumanis ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayıb.

 

Hardis Baumanis fəaliyyətini Latviya XİN-də davam etdirmək üçün yayda ölkəsinə dönməli imiş.

 

1967-ci ildə anadan olan Hardis Baumanis Azərbaycandan əvvəl Litvada səfir və Rusiyanın Sankt-Peterburq şəhərində baş konsul vəzifələrində çalışıb.

 

Səfirin vəfatını Latviya XİN də təsdiqləyib. Xarici işlər naziri Edqars Rinkeviçs diplomatın ölümü ilə əlaqədar Twitter vasitəsilə başsağlığı verib.

 

APA TV-nin əldə etdiyi məlumata görə, Hardis Baumanisin cənazəsinin ölkəsinə yola salınması vaxtı ilə bağlı qərar bu gün veriləcək. Ötən axşam meyit məhkəmə-tibb ekspertizası tərəfindən müayinə olunub.

Müəllif | Apa.Tv
Apa.tv