Azərbaycan prezidenti: "İslam sülh və qardaşlıq dinidir"

"İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalı, səylərimizi birləşdirməliyik".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Ciddədə  İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni tərəfindən onun şərəfinə verilən naharda deyib.

 

Azərbaycan prezidenti bir gün əvvəl Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi ilə ikitərəfli münasibətlərə dair bir çox məsələləri və regional prosesləri müzakirə etdiyini bildirib.

 

Prezident qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi olduqca fəal rol oynamağa və dünyada İslam həmrəyliyi işinə töhfə verməyə çalışır: “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğumuz zaman biz BMT ilə İƏT arasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirirdik və beləliklə, təşkilatımızın fəaliyyətinə daha çox diqqətin cəlb edilməsinə nail olduq. Fürsətdən istifadə edərək, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün Azərbaycanın namizədliyinə verdiyi güclü dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına təşəkkürümü bildirmək istəyirəm. Həmin vaxt mən çox aydın şəkildə bəyan etdim ki, əgər seçilərsə, Azərbaycan nəinki özünü, eləcə də bütün müsəlman aləminin ölkələrini təmsil və müdafiə edəcək”.

 

Prezident İlham Əliyev bildirib ki, müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, İslamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə Azərbaycan dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil edilib: “İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalı, səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq”.

 

Dövlət başçısı deyib ki, qardaşlıq ənənələri bizi əvəzləyəcək gənc nəsillərə ötürməlidir.

Müəllif | Apa.Tv
Apa.tv