"Fənərbaxça" Türkiyə Superliqası və Kubokunda çıxışdan imtina etdi

"Fənərbaxça" futbol klubunun avtobusuna silahlı hücum Türkiyənin gündəmindəki əsas hadisələrdən birinə çevrilib.

 

APA TV-nin xəbərinə görə, "Fənərbaxça" klubu insidentin təfərrüatı aydınlaşana qədər ölkə Superliqası və Kubokunda çıxışdan imtina etdiyini açıqlayıb.

 

"Çaykur Rizəspor"la səfər qarşılaşmasından qayıdarkən atəşə tutulan avtobus polis əməkdaşları tərəfindən müayinə edilib. Müayinə zamanı atəşin ov tüfəngindən açıldığını sübut edən dəlillər tapılıb.

 

Hadisə ilə əlaqədar Türkiyə idmanında tarixi qərar verilib. Gənclər və idman naziri, Türkiyə Futbol Federasiyasının prezidenti və Klublar Birliyinin sədri "Fənərbağça" klubunun avtobusuna edilən silahlı hücumla bağlı toplantı keçirib. Toplantıda Türkiyə Superliqasının oyunlarının bir həftə təxirə salınması barədə qərar qəbul edilib.

 

"Fənərbaxça" klubu isə hadisəni "terror aktı" adlandırıb, 41 nəfərin həyatına sui-qəsd cəhdi kimi qiymətləndirib. Klubun nümayəndəsi Dəniz Tolqa Aytörə hadisənin təfərrüatına aydınlıq gətirilmədən və cinayəti törədənlər tapılmadan "Fənərbaxça"nın meydana çıxmayacağını bəyan edib.

 

Xatırladaq ki, "Fənərbaxça" klubunun avtobusuna hücum aprelin 4-də edilib. Qarşılaşmadan sonra İstanbula qayıtmaq üçün Trabzon hava limanına gedərkən avtobusa atəş açılıb. Hücum nəticəsində sürücü yaralanıb. 

Müəllif | Apa.Tv
Apa.tv