Lənkəranda dəhşətli qəza: 1 ölü, 4 yaralı

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə aprelin 6-da saat 20.30 radələrində Ələt-Astara magistralının 202-ci kilometrliyində - rayonun Şilavar kəndi ərazisində qeydə alınıb.

 

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “VAZ-2106” markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun sağ tərəfinə çıxmaqla qarşı tərəfdən gələn Astara şəhər sakini, 21 yaşlı Elvin Yusif oğlu Əlizadənin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “VAZ-2106” markalı avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri deformasiyaya uğramış avtomobildə sıxılıb qalmış sərnişinlər - Lənkəran şəhər sakinləri, 19 yaşlı Ənvər Füzuli oğlu Rəhimzadəni, Mirabbas İlqar oğlu Rəhimovu, Lənkəranın Şilavar kənd sakini, 18 yaşlı Həsən Gülağa oğlu Hüseynovu xilas ediblər. Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Onlardan Həsən Hüseynov aldığı çoxsaylı bədən xəsarətlərindən yolda dünyasını dəyişib.

 

“Mercedes” markalı minik avtomobilinin sürücüsü, eləcə də sərnişini, Astara şəhər sakini, 21 yaşlı Qulam Şücaət oğlu Qulamzadə də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların hər ikisinə müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

 

“VAZ-2106”-nın xəsarət almış iki sərnişini isə hazırda Lənkəran MRX-da həkim nəzarəti altındadır. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv