Suriya ordusu qaçqın düşərgəsini bombaladı

Suriya ordusu qaçqın düşərgəsində vakuum bombasından istifadə edib.

 

APA TV-nin məlumatına görə, bu barədə Anadolu Agentliyinə yerli fəal Mustafa Əbu Ubeydə xəbər verib.

 

Bomba hərbi vertolyotla paytaxt Dəməşqin cənubundakı fələstinlilərin qaldığı Yermuk qaçqın düşərgəsinə atılıb. Düşərgəyə yaxın ərazilərdə 6 gündür İŞİD terrorçuları ilə "Eknaf Beyt əl-Makdis" qruplaşması arasında gərgin döyüşlərin getdiyi bildirilir. Suriya ordusunun hücumundan sonra vəziyyətin daha da gərginləşdiyi deyilir. Mustafa Əbu Ubeydə ölən və yaralıların olduğu barədə məlumat verməyib.

 

Bu arada Suriya Milli Koordinasiya Komitəsi (SRGC) də Əsəd güclərinin Yermuk düşərgəsinə yerdən atılan raketlərlə hücum etdiyini qeyd edib.

 

Dəməşqin 10 kilometrliyində yerləşən Yermuk düşərgəsində ölkədə vətəndaş müharibəsi başlamazdan öncə 180 mini fələstinli olmaqla ümumilikdə 950 min nəfər yaşayırdı. 3 ildir hökumət qüvvələrinin mühasirəsində olan düşərgədə hazırda 18 min nəfər yaşayır.

 

Yermukda ötən həftə bir HƏMAS liderinin sui-qəsd nəticəsində öldürülməsindən sonra İŞİD-lə "Eknaf Beyt əl-Makdis" arasında döyüşlər başlayıb. Əsəd qoşunlarının mühasirəyə aldığı əraziyə elektrik və su verilmir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı