Şiə-husi birlikləri yenə bombalandı

"Ərəb koalisiyası" Yəməndə hakimiyyəti devirən şiə-husi birliklərinə yeni raket zərbələri endirib.

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, tərəfdaş ölkələrin Hərbi Hava Qüvvələrinin rəhbərləri bildirib ki, zərbələr əsasən ölkənin dağlıq ərazisi olan, devrilmiş prezident Əli Abdulla Salehin doğulduğu və hazırda məhz orada gizləndiyi güman edilən Sənxan bölgəsinə endirilib.

Yəmən ordusunda onun tərəfdarlarının üsyançılara qarşı vuruşduğu da qeyd olunur. Ölkənin qərbində yerləşən Əs-Səlif limanı yaxınlığında yerləşən Hodeydə hərbi bazası da bombalanıb. Bu arada Rusiya Yəməndən öz vətəndaşları ilə yanaşı, başqa ölkələrin də vətəndaşlarının təxliyəsini davam etdirir. Bazar ertəsi Moskvadan Sənaya gələn Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus beşinci təyyarə 11 ölkənin 150 vətəndaşını təxliyə edib. Rusiyanın Səudiyyə Ərəbistanı ilə "humanitar fasilələr"in yaradılması ilə bağlı danışıqlar apardığı deyilir.

Müəllif | Apa.Tv
Apa.tv