Erməni əsirin məhkəməsi başladı - PROSESDƏN GÖRÜNTÜLƏR

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

APA TV-nin Qərb bürosunun məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Anar Mirkişiyev çıxış edərək istintaq zamanı hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirib.

 

Daha sonra təqsirləndirilən şəxsə söz verilib. Özü haqda məlumat verən Arsen Baqdasaryan hər hansı etirazının olmadığını deyib.

 

Prosesin baxış iclası aprelin 13-nə təyin edilib. Məhkəmənin qapalı keçirilməsi qərara alınıb.

 

Məhkəmədə A. Baqdasaryanın hüquqlarını vəkil Ramiz Abdullayev müdafiə edir.

 

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib.

 

Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaq aparılıb. Respublika Hərbi Prokurorluğunda cinayətkar birliyin digər üzvləri barəsində cinayət işi ayrılmaqla, ibtidai istintaq davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv