Oxot dənizində batan gəmidən 3 azərbaycanlının meyiti tapıldı

Oxot dənizində batan “Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin taleyi naməlum olan 3 azərbaycanlı heyət üzvünün öldüyü məlum olub.

 

APA TV-nin Rusiya bürosunun xəbərinə görə, 1964-cü il təvəllüdlü Səfərov Məhəmməd Səfər oğlu, 1987-ci təvəllüdlü Məhərrəmov Muradəli Qurban oğlu və 1959-cu il təvəllüdlü Şəkərov Fazil Hilal oğlunun meyitləri tapılaraq Saxalinə aparılıb. Hər üç azərbaycanlının ailə üzvləri meyitlərə baxış keçirmək üçün Saxalinə gediblər.

 

Xilas olunan Mayılağa Talıbovun vəziyyəti ağırdır. Artıq həyatlarını itirmiş Fazil Şəkərovun və Məhəmmədəli Səfərovun qardaşları onların cəsədini tanıyıb. Ölən azərbaycanlıların cənazələrinin Azərbaycana göndərilməsini “Uzaq Şərq” gəmisinin sahibi olan firma öz üzərinə götürüb.

 

Qeyd edək ki, Oxot dənizində "Uzaq Şərq" adlı balıqçı gəmisinin batması barədə məlumat aprelin 1-də Moskva vaxtı ilə saat 23.39-da daxil olub. Maqadan şəhərindən 300 km aralıda batan gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilib. Qəza nəticəsində 56 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü açıqlanıb. Gəminin heyəti arasında olan 7 azərbaycanlıdan dördü - Mayılağa Talıbov, Elman və Yaşar Əliyev qardaşları, İmaməddin Sadıqov xilas ediliblər.

 

Müəllif | Apa.Tv
Apa.tv