Milli Məclisdə autizm xəstələrinin problemlərinə dair dinləmələr keçirilib
"Dünyada təxminən 70 milyona yaxın insan autizm xəstəliyindən əziyyət çəkir. Azərbaycanda isə 3500 nəfər autizm xəstəsi var. Bu rəqəmlər nəinki dünyada, həm də Azərbaycanda dəqiq deyil".
APA TV-nin məlumatına görə, bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclasında autizm xəstəliyinə tutulan uşaqların problemləri ilə bağlı dinləmə keçirilib.
Komitə sədri Hadi Rəcəbli deyib ki, təşkil edilən dinləmələr cəmiyyətin sosial sifarişinin hüquqi əsaslarını formalaşdırmaq baxımından önəmlidir:
Hadi Rəcəbli: "Azərbaycanda autizm xəstəliyinə tutulan uşaqların sosial müdafiəsi gündəmdədir. Bu gün autizm xəstələrinin sayı ilə bağlı rəqəmlərdə uyğunsuzluq var. Bu baxımdan göstərilən rəqəmlər düşündürücüdür. Hesab edirəm ki, autizm xəstələrinin sayı ilə bağlı statistikaya yenidən baxılmalıdır. Bəzən deyirlər ki, oğlanlar bu xəstəliyə daha çox tutulur. Belə ki, bu xəstəliyə tutulan hər 5 uşaqdan 4-ü oğlandır”.
Hadı Rəcəbli deyib ki, bu xəstəliklə bağlı Azərbaycanı Türkiyə təcrübəsi daha çox maraqlandırır.
Azərbaycan və Türkiyədən olan mütəxəssislərin, müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi dinləmələrdə Konya Səlcuqlu Bələdiyyəsinin sədri Uğur İbrahim Altay çıxış edərək, autizm xəstəliyi ilə bağlı Türkiyə təcrübəsini iclas iştirakçılarının diqqətinə çatdırıb:
Uğur İbrahim Altay: “Adətən analar uşağa qoyulan diaqnozdan sonra sosial həyatdan kənarda qalırlar və onlarda müəyyən psixoloji problemlər əmələ gəlir. Xalqdan gələn tələb üzərinə biz bu xəstəliyə tutulan uşaqların bir ömür boyu yaşaması üçün reabilitasiya mərkəzi inşa edirik”.
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri, Azərbaycanın baş psixiatrı, professor Gəray Gəraybəyli deyib ki, autizim xəstəliyi sırf tibbi məsələ deyil:
Gəray Gəraybəyli: "Autizm ən çox uşaq psixiatriyasına aid olan bir məsələdir. 8-10 il əvvəl Azərbaycanda nadir hallarda autizm diaqnozu qoyulurdu. Autizm digər psixi problemlərdən bir qədər fərqli olaraq, sırf tibbi məsələ, hər hansı bir dərman vasitəsilə həll olunan xəstəlik deyil. Burada həkimlərin və uşaq psixiatrlarının rolu kifayət deyil. Ona görə də məqsədimiz bu cür ailələrə daha çox reabilitasiya, psixoloji, pedaqoji köməklik göstərməkdir”.
Tədbirdə çıxış edən digər millət vəkilləri də Azərbaycanda bu xəstəliyə dair hüquqi baza yaradılmasını təklif ediblər. İclasda ekspertlərin bu sahə ilə bağlı təklifləri dinlənilib.