Bakının Heydər Əliyev prospektində təmir-yenidənqurma işləri davam etdirilir
Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində yolun təmirinin tez bir zamanda başa çatdırılması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC işləri davam etdirir.
Qurumdan APA TV-yə verilən məlumata görə, təmirin aparılmasında əsas məqsəd I Avropa Oyunlarına hazırlıq dövründə Heydər Əliyev prospektinin görkəmini daha da yaxşılaşdırmaqdır.
Təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidən qurulması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi, yerüstü piyada keçidinin rekonstruksiyası və s. işlər aparılır. Artıq 5 kilometrlik hissənin 1800 m hissəsinə asfalt-beton örtük döşənib, 1 km hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması başa çatdırılıb.