MTRŞ sədrinin müavini: “Dublyaj filmlərinin dili sönük və yarıtmazdır”
"Televiziya kanallarında ədəbi dilin normalarının pozulması davam edir, dublyaj edilən elmi, bədii əsərlər bir qayda olaraq estetik tələblərə cavab vermir. Onlar sönük və yarıtmazdır".
Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və dövlət proqramlarının qəbul edilməsinin 2 illiyi münasibətilə keçirilən dəyirmi masada belə deyib.
Onun sözlərinə görə, dilimizə sayğı göstərməyənlər, qanunlara məhəl qoymayanlar tənqid hədəfində olmalıdır.
Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev, millət vəkili, Mətbuat Şurasının Dil komissiyasının rəhbəri Bəxtiyar Sadıqov çıxışlarında mətbuatda dilin təmizliyinin qorunmadığını bildiriblər: "Azərbaycan dilini dayanmadan öyrənmək lazımdır. Biz jurnalistlər dilin çirklənməsinin qarşısını almalıyıq. Artıq redaksiyalarda korrektorlar yoxdur. Baxın, görün nə qədər orfoqrafik səhvlər var. Dil sahəsində müəyyən addımlar atılıb, işlər görülüb və görüləcək də”.
Daha sonra tədbirdə millət vəkilləri Sabir Rüstəmxanlı, Aqil Abbas, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli çıxış ediblər.