Azərbaycan prezidenti və ailə üzvləri Məkkədə ümrə ziyarətində olublar
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.
APA TV-nin AzTV-yə istinadən xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi zəvvar libası geyinərək Əl-Həram məscidinə gəliblər.
Ziyarətgahın yüksək səviyyəli din xadimləri dövlət başçısını mehribanlıqla qarşılayıblar. Prezident İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıb təvaf ediblər və məsciddə namaz qılıblar.
Qeyd edək ki, Kəbə evinin qapıları müstəsna hallarda ali qonaqlar üçün açılır. Bu dəfə Kəbənin qapıları Azərbaycan prezidenti İlham Əliyev və ailə üzvləri üçün açılıb.
Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Azərbaycan prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni İslam dininin ayinlərinə uyğun olaraq yeddi dəfə qət ediblər.
Ümrə ziyarəti başa çatdıqdan sonra dövlət başçısı əl-Həram məscidini seyr edib. Azərbaycan prezidentinə məscid haqqında ətraflı məlumat verilib.