Daş karxanalarında daşa dəyən əmək hüquqları - REPORTAJ

Dövlət Əmək Müfəttişliyi Xidməti “Təhlükəsiz iş aylığı” çərçivəsində bir sıra  müəssisələrdə əməyin mühafizəsi vəziyyətini araşdırıb.

 

APA TV-nin xəbərinə görə, reyd zamanı Bakının Qaradağ rayonunda yerləşən "Tutu" MMC-yə məxsus mişar daşlarının istehsalı sahəsində aparılan dövlət nəzarəti nəticəsində müəssisədə əməyin mühafizəsi norma və standartlarına əməl olunmadığı, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin həyata keçirilmədiyi, işçilərin fərdi mühafizə  vasitələri ilə təmin olunmadığı aşkar edilib.

 

Dövlət Əmək Müfəttişliyi xidmətinin baş əmək müfəttişi Xalid Ağayev bildirib ki, reyd zamanı  daşkəsən maşının istismarı qadağan edilib: "Buna səbəb daşkəsən maşının fırlanan hissələrinin iş zamanı hərəkətdə olan ötürücü valın üzərinin təhlükəsizlik qapağı ilə təmin edilməməsi və maşında işləyən işçinin həyatı üçün təhlükə yaratmasıdır. Həmin nöqsanlar aradan qaldırıldıqdan sonra tərəfimizdən təkrar baxış keçiriləcək, bundan sonra istehsal vasitəsinin istismarına icazə veriləcək".

 

Əmək şəraitinin işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurduğu bu istehsalat sahəsində eyni zamanda işçilərin böyük qisminin qeyri-leqal əmək fəaliyyətinə cəlb edildiyi də məlum olub.

 

Daha sonra “Xəzri-E” MMC-də araşdırma aparılıb. Burada da əmək qanunvericiliyinə əməl olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində ciddi nöqsanların aşkarlanıb. Bu müəssisədə də nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb.

 

Müəssisədə aşkar olunan hüquq pozuntuları aradan qaldırılanadək işlər dayandırılıb, həmçinin müəssisənin sahibinə icrası məcburi olan göstərişlər verilərək, icrası nəzarətə götürülüb. Əvvəllər reyd keçirilərək nöqsan aşkar edilən obyektlərə yenidən təşkil olunan reyd zamanı həmin nöqsanların aradan qaldırıldığı müəyyən edilib.

 

Qeyd edək ki, 28 aprel - Ümumdünya Əməyin mühafizəsi günüdür. Bununla əlaqədar olaraq ƏƏSMN tərəfindən təhlükəsiz iş aylığı devizi altında bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. 

 

Dövlət Əmək Müfəttişli xidmətinin sektor müdiri İlqar Məmmədov deyib ki, aparılan tədbirlər nəticəsində bu gün iki müəssisədə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmaması, istehsal vasitələrinin üstünün açıq vəziyyətdə olması, işçilərin soyunub-geyinmə otaqlarının mövcud olmaması kimi məsələlər aşkar edilib: "Bununla yanaşı, həmin işəgötürənlərə göstərişlər veriləcək. Əmək müqaviləsi qaydalarının pozuntusuna görə 1000 manatdan 1500 manata kimi cərimələr nəzərdə tutulur. Hüquqi şəxslər üçün əmək müqaviləsini bağlamayan işəgötürənlər 20 min manatdan 25 min manata yaxın cərimə olunacaq".

 

Reyddə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları da iştirak edib.

Müəllif | Apa.Tv
Almaz Qasımova