MSK Katibliyinin strukturunda dəyişiklik edildi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
APA TV-nin məlumatına görə, iclasda çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, siyasi partiyalarla MSK arasında münasibətlərin tənzimlənməsi üçün MSK Katibliyinin strukturunda dəyişiklik edilməsinə zərurət yaranıb.
Belə ki, “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliyə əsasən, bu ildən etibarən siyasi partiyaların illik hesabatlarının təqdim olunması ilə əlaqədar MSK Katibliyinin strukturunda dəyişiklik edilib. Bununla əlaqədar MSK-nın Katibliyində yeni sektor yaradılacaq. Daha sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Seçki Məcəlləsinin tələblərinə əsasən dairə seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil veriblər.
İclasda illik maliyyə hesabatını təqdim etməyən partiyalar barədə müzakirə aparılıb. MSK katibi Arifə Muxtarova deyib ki, bu partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verilməlidir.
Qurumun katibi Mikayıl Rəhimov da Ədliyyə Nazirliyinə müraciət edilməsini, nazirlik tərəfindən həmin partiyaların fəaliyyətinin araşdırılmasını zəruri sayıb.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, bu partiyaların fəaliyyəti indiyə qədər Ədliyyə Nazirliyi tərəfindən dayandırılmayıb: “İstəmirik ki, Ədliyyə Nazirliyi MSK-nın fəaliyyəti nəticəsində siyasi partiyaların fəaliyyətini dayandırsın”.
Məzahir Pənahov deyib ki, maliyyə əməliyyatlarının olub-olmamasından asılı olmayaraq, partiyalar illik maliyyə hesabatlarını təqdim etməlidir. Mətbuatın partiyaları maarifləndirilməsi sahəsində önəmli rol oynadığını və bundan sonra da bu sahədə mətbuatdan dəstək gözlədiklərini deyən MSK sədri məsələ ilə bağlı son qərar verməməyi, müzakirəni davam etdirməyi məqbul sayıb.