Vaşinqtonda Ağ Ev və Dövlət Departamenti işıqsız qaldı
Ötən gün Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda elektrik enerjisinin verilişində fasilələr yaranıb.
APA TV-nin məlumatına görə, başda Ağ Ev, ABŞ Konqresi və Dövlət Departamenti olmaqla bir çox dövlət əhəmiyyətli binalar qaranlığa qərq olub.
Elektrik kəsintisi səbəbindən Dövlət Departamentinin sözçüsü Mari Harf keçirdiyi gündəlik mətbuat konfransını yarımçıq dayandırmalı olub. Bundan başqa, bəzi muzeylərdə də işıqlar söndüyündən ziyarətçilər təxliyə olunub.
ABŞ rəsmisi bunun terror hücumu olmadığını, Vaşinqton yaxınlığındakı elektrik stansiyasında partlayış baş verdiyini və elektrik enerjisi verilişində bu səbəbdən fasilə yarandığını bildirib.
Paytaxtı elektriklə təmin edən “Pepco” şirkəti problemin aradan qaldırılması üçün çalışdıqlarını, hazırda 2 400 binada elektrik enerjisinin olmadığını deyib.