Maşınınızı yumağa verərkən ehtiyatlı olun, maşınınız qaçırıla bilər! - REPORTAJ
Son zamanlar avtoyuma məntəqələrində bir çox problemlər yaşanır. Bunun əsas səbəbi odur ki, bəzi avtoyuma məntəqələrində işçilər yuduqları avtomobilləri özbaşına götürərək yola çıxır, bu isə nəticədə qəzalara səbəb olur.
Bəs maşınımızı avtoyuma məntəqələrinə apararkən maşınımıza hər hansı bir zərər dəyməyəcəyindən necə arxayın olmalıyıq?
Müsahibimiz olan sürücülərdən biri deyir ki, maşını yuyularkən yanında dayanır: "Cəmi 10-15 dəqiqə vaxt gedir. Bu kiçik müddətə görə çıxıb getməyə dəyməz. Ona görə etibar eləmirəm ki, işçilər sürə bilər, qəza törədərlər".
Avtoyuma məntəqəsinin işçisi isə müştərinin icazəsi olmadan hansısa maşına oturub sürməyin qadağan olduğunu bildirir: "Sürücüdən icazə alandan sonra açarı verir, çıxıb gedir. Maşını özümüz yuyub çıxardırıq, lazım olan yerdə saxlayırıq. Hələ problem olmayıb. Müştəri istəyəndə qalır, istəməyəndə özümüz götürürük. İçərisindəki əşyalara mən nəzarət edirəm. Müştərinin maşının yanında dayanması yaxşıdır. Məntəqədən özü çıxartsın, biz çıxardanda vura bilərik əzilər".
Ekspert Ərşad Hüseynov isə deyir ki, hər adamı avtoyuma məntəqəsində işə qəbul etmək düzgün deyil. İşə götürülən mütləq sınaqdan keçirilməlidir. Sahibkar işə götürdüyü adamla əmək müqaviləsi bağlamalı və hər gün işçiləri təlimatlandırmalıdır. Texniki təhlükəsizlik qaydalarına əməl etmək lazımdır: "Əmək qanunvericiliyi, Əmək Məcəlləsi bunları tənzimləyir. Avtonəqliyyat vasitələrini yuyurlar, onları bir yerdən digər yerə sürüb aparırlar. Müştərinin nəqliyyat vasitəsini yalnız konkret adamlar sürə bilər".
Avtoyuma məntəqəsinin sahibi olan başqa bir müsahibimiz yeni işçini bir həftə sınaq müddətinə işə götürdüyünü vurğulayır: "İşinə, əlinin düzlüyünə baxıb götürürük. Mən tanıdığım adamlara üstünlük verirəm, tanımadığım adamı götürmürəm. Həm də əvvəldən sənədini tələb edirəm. Baxım ki, haralıdır, harada işləyib, necə iş qabiliyyəti var. Əmək müqaviləsi hələ bağlanmayıb, amma işçiləri sınaqdan keçirdirik".
Ekspertin sözlərinə görə isə, müştəri avtomobilini təhvil verdikdən sonra onun məsuliyyətini birbaşa həmin müəssisə daşıyır. Bəzən həmin yerdə işləyən gənclər özlərini xoşuna gələn qıza göstərmək üçün müştərinin avtomobilini qaçırdır. Bəzilərinin isə heç sürücülük vəsiqəsi belə olmur: "Tutaq ki, mən gəlib avtomobili verdim, həmin avtomobil qaydasında olmalıdır. İçərisində olan bütün əşyalar, bütün avadanlıq tam qorunub saxlanmalıdır. Məsələn, təmir vaxtı oranın işçisi özbaşına olaraq avtomobili bir yerdən başqa yerə sürərkən harasa çırpıb əzir və yaxud özbaşına çıxıb yolda sürür. Bunun mülki məsuliyyətini qanunla həmin xidməti göstərən obyekt daşıyır".
Bununla belə, avtoyuma məntəqələrinin sahibləri baş verən qəzalarda bəzən müştərilərin də günahkar olduğunu deyirlər: " Elə olur ki, müştəri avtomobilini məntəqəyə özü gətirmir. Zəng edib işçilərin birini çağırır və avtomobilini yumağı tapşırır. Bu yanlışdır. Məsləhət görülür ki, müştəri avtomobilini yumağa gətirən zaman yanında dayansın".