Toni Bleyerdən leyboristlərə açıq dəstək!

Böyük Britaniyada parlament seçkilərinə bir ay qalmış hazırda müxalifətdə olan leyboristlərin lideri Ed Milibəndə keçmiş baş nazir Toni Bleyerdən dəstək gəlib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, leyboristlərin seçki öncəsi keçirdiyi tədbirlərdən birində çıxış edən Bleyer, hazırkı baş nazir Devid Kemeronun Avropa Birliyindən çıxmaq üçün vəd etdiyi referendumu müzakirə edib. "İttifaqdan çıxmaq Britaniyanı dünyada kiçik bir ölkəyə döndərə bilər. İqtisadiyyatımız da bundan ciddi zərər görəcək. Üstəlik bu, gələcəkdə krallığın böyük qlobal toplum imicinə zərbə vuracaq". 

 

Mühafizəkarların lideri, baş nazir Devid Kemeron isə bu fikirləri əsassız sayır. O, referendum məsələsində qərarlı olduqlarını bildirib. "Toni Bleyer bizim xalqa güvənməməyimizi istəyir. O, səhv edir. Biz xalqa çox güvənirik. Avropa İttifaqı ilə əlaqələrimizi yenidən nəzərdən keçirməli və müzakirə aparmalıyıq. 2017-ci ilin sonunda isə referendum keçirilməlidir, Britaniya üçün doğru olan budur". 
 

Ekspertlər sağ görüşlü Birləşmiş Krallıq Müstəqillik Partiyasının yüksəlişini Kemeronun onları Avropa İttifaqına qarşı qoymasının nəticəsi kimi dəyərləndirir. Ölkədə keçirilən sorğuların nəticəsi seçki ərəfəsində mühafizəkar və leyboristlərin hələlik başabaş irəlilədiklərini göstərir.

Müəllif | Apa.Tv
Apa.tv