MKİ direktoru: “İran nüvə silahı əldə edə bilməyəcək”
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan İranın nüvə proqramına dair sazişin əleyhdarlarını ikiüzlülükdə ittiham edib. APA TV-nin məlumatına görə, Con Brennan bildirib ki, imzalanacaq saziş İranın nüvə silahı əldə etmək imkanının qarşısını tam şəkildə alır. Harvard Universitetində çıxış edən MKİ direktorunu sözlərinə görə, əldə olunan razılaşma İrana uran və plutoniumu zənginləşdirməyə imkan vermir, bundan başqa Tehran rejimi həmişə sərt təftiş altında olacaq.
O, İranın bu qədər ciddi güzəştlərə getməsindən təəccübünü gizlətməyib: “İran şərtlərimizlə razılaşarkən, sözün açığı, təəccübləndim. Bu həm yoxlamalar, çentrifuqların sayının azaldılması, zənginləşdirilmiş uranın saxlanması, həm də nüvə reaktorunun fəaliyyəti ilə şərtlərdir. Təəccüblənsəm də, çox xoş oldu”.
Con Brennan bildirib ki, Tehran nüvə probleminə praqmatik yanaşsa da, bu ölkənin xarici siyasətində ciddi dəyişiklik olacağına şübhə edir.