Sığortaedənlər ödənişləri “online” rejimdə köçürəcək
“Azərbaycanda fəaliyyət göstərən bütün sığortaedənlər ödənişləri “online” rejimdə təqdim edir və ödənişlər DSMF-nin müvafiq yerli orqanlarına köçürülür”. APA TV-nin məlumatına görə, bu fikirləri DSMF-nin sədr müavini Zakir Babayev “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusunda keçirilən təqdimat-seminarda deyib. O bildirib ki, məcburi dövlət sosial sığorta haqları üzrə olan hesabatları da elektron qaydada təqdim edirlər. Onun sözlərinə görə, DSMF-nin sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkil olunub.
"Bu xidmətlər 5 növ müavinət üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına görə birdəfəlik və uşağa qulluqla əlaqədar və bir də dəfn üçün müavinətdir. Bu müavinətlər işəgötürənlər tərəfindən hesablanır. Biz onlardan bütün sənədləri elektron qaydada qəbul etməyi planlaşdırırıq. Bizim qəbul etdiyimiz proqramda bunların hamısı öz əksini tapır. Burada əsas məsələ vaxtında - yəni DSMF orqanlarına bu müavinətlərin təyin olunmasını onların özlərinin təyin etməsidir. Bunları təyin etmək üçün tərəfimizdən müvafiq komissiyalar yaradılıb".
Bundan sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə DSMF orqanına elektron qaydada təqdim olunur. DSMF orqanı qeyd edilən sənədlər əsasında müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişini həyata keçirir.