Avropaya “Türk axını” başlayır
Türkiyə də daxil olmaqla Avropanın 5 ölkəsi "Türk axını" qaz kəməri layihəsinin inşasında iştirak etmək niyyətindədir. APA TV-nin Rusiyanın "Kommersant" saytına istinadən verdiyi məlumata görə, artıq bununla bağlı Yunanıstan, Serbiya, Makedoniya və Macarıstan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşə Avropa Komissiyasının nümayəndəsi də qatılıb. Görüşün nəticələrinə əsasən imzalanan bəyannamədə tərəflər qitə ölkələrinə mavi yanacağın əlverişli marşrutla Türkiyə üzərindən nəql edilməsini dəstəklədiklərini bildiriblər. Bəzi konkret məsələləri isə bu ölkələr "Qazprom"la müstəqil şəkildə müzakirə edəcəklər. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ötən il "Cənub axını" layihəsindən imtina edib. Daha sonra Rusiya dövlət başçısının Ankaraya səfəri zamanı ixrac gücü 63 milyard kubmetr olan və Qara dənizin altından keçəcək “Türk axını” layihəsinin inşası barədə razılaşma əldə edilib.