“Təhlükəsiz iş aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Təhlükəsiz iş aylığı” çərçivəsində Bakı, Mingəçevir və Gəncə şəhərlərində, Lənkəran və Bərdə rayonlarında yerləşən iri müəssisələrdə əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilib.
APA TV-nin məlumatına görə, həmin müəssisələrin işəgötürənləri və əmək kollektivləri ilə keçirilən görüşlərdə ölkədə hər bir vətəndaşın sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasının konstitusion hüquqlardan biri olduğu diqqətə çatdırılıb.
Görüşlər zamanı əmək qanunvericiliyi, xüsusən əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı norma və standartlar, qaydalar barədə işçi və işəgötürənlərə ətraflı məlumatlar verilib, işçinin həyat və sağlamlığının müəssisənin iqtisadi maraqlarından üstün tutulduğu vurğulanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov bu ilin birinci rübündə ölən və xəsarət alanların sayının yarıbayarı azaldığını qeyd edib.
28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü ilə əlaqədar cari ilin aprel ayının Azərbaycanda “Təhlükəsiz iş aylığı” elan olunması, aylıq çərçivəsində həyata keçirilən tədbirlər xidmətin bu sahədə apardığı işlərin davamı olmaqla işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunması, əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasına hədəflənib.