Bakıda sərnişin avtobusunda qətl: ər arvadını bıçaqladı
Ötən gecə Bakıda sərnişin avtobusunda qətl törədilib.
APA TV-nin məlumatına görə, hadisə Xırdalan şəhərindən Bakıya istiqamətində 135 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda baş verib.
Namiq Həci oğlu Məmmədov həyat yoldaşı, Gədəbəy rayon sakini 47 yaşlı Fatma Məhəmməd qızı Şəmiyevanı bıçaqla vurub. Hadisə şahidlərinin sözlərinə görə, ərlə arvad arasında mübahisə yaranıb. Bu zaman Namiq Məmmədov cibindən çıxardığı bıçaqla qadının boğaz, ürək və bədənin müxtəlif nahiyələrindən zərbələr endirib. Sürücü avtobusu dayanacaqda saxlayanda Namiq Məmmədov hadisə yerindən qaçıb.
Bıçaqlanan qadın Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Qətlə yetirilən zaman Fatma Şəmiyevanın yanında təxminən 8 yaşlı övladı da olub. İlkin ehtimala görə, qətl qısqanclıq zəminində baş verib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar və qətli törədərək hadisə yerindən qaçan Namiq Məmmədovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.