Əli Həsənov: “Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasət münaqişənin uzanmasına səbəb olur”

Aprelin 8-də İstanbulda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVIII Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.

 

APA TV-nin xəbərinə görə, Azərbaycanın geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunduğu XVIII Avrasiya İqtisadi Zirvəsində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyətini əks etdirən film göstərilib.

 

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı İlham Əliyevin zirvə toplantısı iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda ölkəmizin Avrasiya məkanında inkişafın və tərəqqinin təmin olunmasında, Avropanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanıb. Prezident İlham Əliyev bu məsələlərin müzakirə olunduğu Avrasiya İqtisadi Zirvəsinin işinə uğurlar arzulayıb.

 

Əli Həsənov qeyd edib ki, Azərbaycan bu Zirvədə böyük nümayəndə heyəti ilə iştirak edir: "Biz burada həmçinin Ermənistan-Azərbaycan münaqişəsindən danışacağıq. Neçə illərdir ki, bölgədə sülhü təhdid edən Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Tədbirdə təmsil olunan dövlət və qeyri-dövlət qurumlarına Ermənistana təzyiq göstərmələri üçün çağırışlar edəcəyik. Bir daha diqqətə çatdıracağıq ki, Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasət münaqişənin uzanmasına səbəb olur. Ermənistan BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsini yerinə yetirmir. Biz bunu nümayəndə heyətlərinə bir daha xatırladacağıq".

 

Zirvədə 50 ölkədən dövlət və hökumət rəhbərləri, hökumət üzvləri, digər rəsmi şəxslər, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri, diplomatlar, deputatlar, keçmiş dövlət və hökumət başçıları iştirak edirlər.

 

İki gün davam edəcək tədbirin gündəliyinə “İpək Yolu: iqtisadiyyat, enerji və maliyyə”, “Sülhə gedən yol”, “İnsanlıq hara gedir?” mövzularının müzakirəsi və digər məsələlər daxildir.

 

Toplantıda Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin məruzəsi dinlənilib. Akkan Suver Zirvənin əhəmiyyətindən, iştirakçı tərəflərin inkişaf və tərəqqiyə yüksək əhəmiyyət verməsindən bəhs edib. Azərbaycan Respublikasının həyata keçirdiyi strateji layihələrin önəmini diqqətə çatdıran sədr qeyd edib ki, TANAP və TAP da daxil olmaqla reallığa çevrilən layihələr inkişafa, sülh və əmin-amanlığa, insanların rifahına xidmət edir.

 

Zirvə bu gün işini davam etdirəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv