İŞİD 300-ə yaxın yezidini girovluqdan azad etdi

İraq Şam İslam Dövləti girov saxladığı bir qrup yezidini azadlığa buraxıb.

 

APA TV-nin xəbərinə görə, İraqın Kərkük şəhərinin 25 kilometr şimalındakı Məryəmbeg bölgəsində 300-ə yaxın yezidi girovluqdan azad edilib. Əsasən uşaq, xəstə və yaşlılardan ibarət qrupu yaxınları qarşılayıb. Keçmiş girovlar həkim müayinəsindən keçiriliblər. Səhhətində problem olanlar Kərkükdəki xəstəxanalara yerləşdirilib.

 

Qeyd edək ki, Mosulun Şenqal qəsəbəsi və ətrafdakı yaşayış məntəqələrini ötən ilin avqustunda ələ keçirən İŞİD çoxlu sayda yezidini girov götürmüşdü. Terror təşkilatının qaçırdığı yezidi qadınların terrorçuların cariyəsinə çevrildiyi, bəzilərinin isə satıldığı bildirilirdi. Yezidi qadınların dramı dünya gündəmində uzun müddət yer almışdı. Qaçırılanların əksəriyyətinin Kərkükün İŞİD-in nəzarətində olan Havicə qəsəbəsində saxlanıldığı bildirilir.

 

İraq parlamentinin yezidi deputatı Viyan Dahil iddia edib ki, hələ də 4000-ə yaxın yezidi İŞİD-in əlindədir.

 

Girovluqdan qayıdanlar yaşadıqları dəhşəti dilə gətiriblər. 65 yaşlı Hazal Xıdır bildirib ki, İŞİD silahlıları övladlarını gözləri qarşısında öldürdükdən sonra onun özünü girov götürüblər. Onun sözlərinə görə, İŞİD üzvləri gənc qadınlardan kölə kimi istifadə edirlər. Kişilər isə qətlə yetirilir. "Gözlərim önündə öldürülən övladlarımı unuda bilmirəm. Əslində, həmin gün elə məni də öldürdülər", - deyə 65 yaşlı qadın deyib.

 

İŞİD girovluğundan azad edilən Erza Murad da azadlıq sevincini yaşaya bilməyənlərdəndir. Onun əri və övladları İŞİD-çilər tərəfindən öldürülüb. 40 yaşlı qadın girov götürülmüş ərinin və 7 övladının Telaferdə gülləbaran edildiyindən danışarkən əsəblərinə hakim ola bilməyib.

 

Xatırladaq ki, İŞİD bu ilin yanvarında da 198 yezidi kürdünü Kərkükün şimalında girovluqdan buraxmışdı. 

Müəllif | Apa.Tv
Apa.tv