Göyçayda istixanalarda yeni xəstəlik yayılıb

Hər il Göyçay rayonundan ölkənin müxtəlif şəhər və rayonlarına, eləcə də Rusiya bazarlarına tonlarla tərəvəz məhsulları, əsasən də pomidor çıxarılır. Amma yerli fermerlərin sözlərinə görə, belə getsə, bu il nəinki xarici bazarlara heç daxili bazarlara da məhsul çıxara bilməyəcəklər.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Göyçay rayonunda kəndli fermerlər hazırda yazlıq tərəvəz məhsullarını becərdikləri bir vaxtda gözlənilməz çətinliklərlə qarşılaşıblar. Sakinlərin sözlərinə görə, son günlər istixanalarda olan pomidor şitillərində kütləvi şəkildə qara yanma adlı xəstəlik yayılıb. Pomidor şitilinin yararsız olması kəndlilərə külli miqdarda maddi ziyan vurub. Bu isə rayonda faraş tərəvəzçilik sahəsində məhsuldarlığın çox aşağı olmasına gətirib çıxaracaq.

    

Xəstəlik əsasən rayonun Ləkçıplaq, Qaraxıdır, Yalman, Mırtı, Şıxbəy, Cəyirli, Hacıalıkənd, Qarabaqqal kəndlərində geniş yayılıb. Bu kəndlərdə faraş tərəvəzçiliklə məşğul olan fermerlər bu cür xəstəliyə birinci dəfə rast gəldiklərini deyirlər. Onların sözlərinə görə, hazırda istixanalarda olan pomidor məhsulu inkişafdan qalıb. Gecə-gündüz əziyyət çəkərək yetişdirdikləri məhsulun tələf olmaması üçün müxtəlif üsullardan istifadə edən kəndlilər çarəsiz qaldıqlarını deyirlər.

 

Kənd sakinləri deyir ki, qara yanma xəstəliyinin yayılmasına səbəb Bakının Kürdəxanı qəsəbəsindən gətirilən yeni pomidor növləri ola bilər. Fermerlərin sözlərinə görə, acınacaqlı vəziyyət budur ki, xəstəliyin dərmanı yoxdur. Belə ki, bütün dərman vasitələrindən istifadə edilsə də heç bir köməyi olmur.

 

Qeyd edək ki, Göyçayın kəndlərində əhalinin əsas gəlir mənbəyini əkinçilik təşkil edir. Rayonun 30-dan çox kəndində sakinlər öz fərdi həyətyanı sahələrində və pay torpaqlarında faraş tərəvəzçiliklə məşğul olurlar. Bu kəndlərdə elə bir həyətyanı sahə yoxdur ki, orada hər həyətdə 2 və 3 istixana olmasın. Sakinlər əhalinin əsas gəlir mənbəyi olan tərəvəzçiliyin bu il onlara nəinki qazanc gətirmədiyini, hətta külli miqdarda maddi ziyan vurduğunu deyirlər.

Müəllif | Apa.Tv
Elvin Yaqubov