Bakıda arvadını bıçaqlayan ər daha sonra intihara cəhd etdi – EKSKLÜZİV VİDEO - YENİLƏNİB

 
Bakıda daha bir zorakılıq faktı qeydə alınıb. Binəqədi rayon 5-ci polis bölməsindən  APA TV-yə verilən məlumata görə ər səhər işə gedərkən arvadını bıçaqlayıb. Hadisə bu gün  saat 10 :25 radələrində Binəqədi rayonu, Naxçıvani küçəsi, 3068 ünvanında, “Elit” ticarət mərkəzinin arxasında yerləşən “Olimp” mənzil-tikinti kooperativinin (MTK) binasında baş verib. İlkin  məlumata görə, hadisə binanın 1-ci mərtəbəsində liftin qarşısında baş verib. Ötən il ailə həyatı qurmuş 1991-ci il təvəllüdlü Nigar Mirzəyeva və həyat yoldaşı 1979-cu il təvəllüdlü Mirzəyev Təhmasib Saleh oğlu arasında ailə məişət zəminində mübahisə baş verib. Evdən ayrılan Nigar Mirzəyeva anasıgilə gəlib. Həyat yoldaşı ondan evə qayıtmağı tələb etsə də, qadın bundan imtina edib. Səhər saatlarında qayınanasının yaşadığı binaya gələn Təhmasib Mirzəyev arvadı və baldızının işə gedəcəklərini bilərək liftin qarşısında onları gözləyib. Nigar Mirzəyeva liftdən çıxan kimi əri ona bıçaqla bir neçə zərbə endirib. Hadisə yerində uzaqlaşan ər binanın həyətində kəsici alətlə əvvəlcə qarın nahiyəsinə zərbə endirib, daha sonra qolunun damarlarını doğrayıb. Nigar və Təhmasib Mirzəyevlər xəstəxanaya çatdırılıblar. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv