Xamneyi: "Sevinmək üçün hələ tezdir"

İranın ali dini lideri Seyid Əli Xamneyi ilk dəfə olaraq Tehranla Qərb ölkələri arasında Lozannada əldə olunan razılaşmaya münasibət bildirib.

 

APA TV-nin xəbərinə görə, Xamneyi televiziya ilə yayımlanan çıxışında Lozanna razılaşmasının yekun anlaşma əldə olunmasına təminat vermədiyini bəyan edib.

 

O, son görüşlərdə əldə edilən nəticənin nə tərəfdarı, nə də əleyhdarı olmadığını söyləyib: "Rəsmilərin dediyinə görə, hələlik yekun qərara gəlinməyib. Hansısa sonuc da əldə olunmayıb. Hər şey detallarda gizlənib. Detallarla İranı arxadan xəncərləyə bilərlər. Bayram etmək üçün hələ tezdir".

 

İranın ali dini lideri çıxışında Yəmən mövzusuna da toxunub və Yəmənə qarşı koalisiyaya başçılıq edən Səudiyyə Ərəbistanını hədələyib: "Səudiyyə Ərəbistanı, heç şübhəsiz, bundan zərər görəcək".

 

Qeyd edək ki, İran və "altılıq" ölkələri arasında əldə olunan razılaşmaya görə, tərəflər İranın nüvə ehtiyatının mühüm hissəsinin ölkə ərazisindən kənara çıxarılmasına dair razılıq əldə ediblər. Bununla belə, İranda nüvə obyektlərinin heç biri sökülməyəcək. Uranın zənginləşdirilməsi ilə yalnız Natanze şəhərindəki zavod məşğul olacaq. Müəssisə 3,76%-dək zənginləşdirilmiş uranı yalnız mülki məqsədlər üçün istehsal edəcək. Fordo şəhərindəki müəssisə isə elmi-tədqiqat nüvə fizikası mərkəzinə çevriləcək. MAQATE (Atom enerjisi üzrə Beynəlxalq Agentlik) İranın nüvə proqramının sülh xarakterli olmasını izləyəcək. Təşkilatın ekspertləri İranın nüvə obyektlərinə 20 il ərzində baxış keçirə biləcəklər.

 

İyunun sonuna planlaşdırılan hərtərəfli sazişin bağlanmasından sonra isə ABŞ,Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyalar tədricən aradan qaldırılacaq. 

Müəllif | Apa.Tv
Apa.tv