Azad Rəhimov: "I Avropa Oyunlarında dopinqlə bağlı güzəşt olmayacaq"

"Bütün federasiya rəsmilərinə ciddi xəbərdarlıq edirəm ki, dopinqlə bağlı bu sahəyə xüsusi nəzarət aparılacaq. Hər hansı qanun pozuntusu aşkarlanmamalıdır".

 

APA TV-nin xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarına Azərbaycan yığma komandalarının hazırlığının son mərhələsi ilə bağlı keçirilən iclasda bildirib.

 

Nazir xüsusi olaraq vurğulayıb ki, Anti-Dopinq Agentliyində hər şey tamamilə dəyişib: "Hər şeyə ciddi nəzarət var və bunu hamı nəzarətdə saxlamalıdır. Bu məsələlərlə bağlı hansısa güzəşt olmayacaq və dopinqlə bağlı hər bir kəs üzərinə düşən işi görməlidir".

 

İdman obyektlərinin 99 faizinin hazır olduğunu vurğulayan nazir aprelin sonuna kimi hamısında işlərin tamamlanacağını deyib: "Həm təhlükəsizlik, həm nəqliyyat, həm də stadionların yaxınlığında qurulan yeni qurğular oyunlara hazırdır. Bu sahədə hər hansı bir problem yaşanmır".  

 

Azad Rəhimov Avropa Oyunlarına qatılacaq idmançıların çıxışının daha önəmli olduğunu vurğulayıb. O bildirib ki, əsas məqsəd Avropada ölkəmizin yerini qorumaqdır.

 

Avropa Oyunlarına 17-18 min könüllünün cəlb olunduğunu bildirən nazir qeyd edib ki, bunlardan 5 mini açılış və bağlanış mərasimlərində, digərləri yarışların gedişində köməklik göstərəcəklər.

 

Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Mirkamil Rəhimov Avropa Oyunlarına hazırlıqla bağlı geniş hesabat verib. Komandalarımızın təlim-məşq toplanışları, turnirlərdə iştirakları barədə ətraflı məlumat verən şöbə müdiri 2013-cü ildə bu işlərə 5, ötən il 5,5 milyon manat xərcləndiyini söyləyib.

 

Müəllif | Apa.Tv