Ukraynadan şok qərar: “banderaçılar”a xüsusi status verildi

Ukrayna Ali Radası “XX əsrdə Ukraynanın müstəqilliyi uğrunda mübarizənin iştirakçılarının hüquqi statusu və xatirəsi” haqqında qanun qəbul edib.

 

APA-nın “Ukrainskaya pravda” saytına istinadən məlumatına görə, 271 səslə qəbul olunan qanuna əsasən XX əsrin əvvəlləri və ortalarında, xüsusən İkinci Dünya müharibəsi illərində və ondan sonra Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparmış “Ukrayna Üsyançı Ordusu” (UPA), “Ukrayna Millətçiləri Təşkilatı” (OUN) “Karpatskaya Seç” və digər təşkilatlar dövlət tərəfindən rəsmən tanınıb.

 

Silahlı, paramilitar, gizli siyasi təşkilatlarda, eləcə də fərdi şəkildə mübarizə aparmış bütün insanlar Ukraynanın müstəqilliyi uğurunda mübarizlər kimi şərəfləndirilib. “Dövlət qəbul edir ki, XX əsrdə Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparanlar Ukrayna dövlətçiliyinin 24 avqust 1991-ci ildə elan olunan Aktla bərpasında əsas rol oynayıblar. Bu isə onların hüquqi status verilərək şərəfləndirilməsinə əsas yaradır”, - deyə qanunda bildirilir. Qanuna əsasən dövlət həmin şəxslərə dövlət mükafatları, sağ qalanlara sosial müavinətlər və imtiyazlar verə bilər.

 

Xatırladaq ki, Rusiya təbliğatı bu şəxsləri Ukrayna millətçiliyinin ideoloqlarından biri Stepan Banderanın adı ilə “banderaçılar” adlandırır.  

 

Qanun layihəsi “Ukrayna Üsyançı Ordusu”nun komandanı, 1950-ci ildə onu həbs etməyə gələn DTK əməkdaşları ilə döyüşərək həlak olmuş əfsanəvi Roman Şuxeviçin oğlu, hazırda deputat olan Yuri Şuxeviçin müəllifliyi ilə hazırlanıb.

Müəllif | Apa.Tv
Apa.tv